Qəbələ rayonunda 2016-cı ilin birinci yarısınının sosial-iqtisadi inkişafının yekunlarına dair geniş hesabat yığıncağı keçirilmişdir.
Qəbələ rayon icra hakimiyyətinin akt zalında Qəbələ rayonunda 2016-ci ilin I yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə dair geniş hesabat yığıncağı keçirilmişdir. Müşavirədə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli inzibati ərazi nümayəndələri, bələdiyyələr, sahibkarlar və qeyri hökümət təşkilatlarının rəhbərlərinin iştirakı təmin olunmuşdur. Müşavirəni açıq elan edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev hesabat məruzəsində 2016-ci ilin I yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən söz açmışdır. Diqqətə çatdırılmışdır ki, 2016-cı ilin 6 ayı ərzində Qəbələ rayonunda sosial-iqtisadi sahədə nəzərdə tutulan işlər uğurla davam etdirilmişdir. Hesabat dövrü ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 65367 min manatlıq məhsul istehsal edilmişdir. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 628 manat təşkil etmişdir.Yarım il ərzində sənaye müəssisələrində çalışan 1280 nəfər işçinin orta aylıq nominal əmək haqqı 327 manat olmuşdur. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 14135 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 13409 min manat təşkil etmişdir. 2003-cü ilin oktyabr ayından 01 iyul 2016-cı ilədək 12164-ü daimi olmaqla, 14212 yeni iş yeri açılmışdır. 6 ay ərzində açılmış yeni iş yerlərinin sayı 540 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir. Rayonun yerli gəlirləri 2016-cı ilin birinci yarısında 5797,6 min manat proqnoza qarşı 5828,2 min manat (101 %) və ya 30,6 min manat çox, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 3664,6 min manat dürüstləşdirilmiş proqnoza qarşı 3993 min manat (109 %) və ya 328,4 min manat çox, yerli xərcləri dürüstləşdirilmiş 9462,1 min manat proqnoza qarşı 9461,6 min manat (100 %) icra olunmuşdur. Yerli büdcənin hesabında 01 iyul 2016-cı il tarixə 359,6 min manat vəsait qalığı yaranmışdır. Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.Yarım il ərzində bütün növ istehlakçı qruplar tərəfindən 53964,5 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 3237,9 min manata qarşı 2868,9 min manat vəsait toplanaraq yığım planı 88,6 % yerinə yetirilmişdir. Həmin göstərici büdcə təşkilatları üzrə 85,8 %, dövlət müəssisələri üzrə 87,4 %, ticarət xidməti üzrə 93,2 %, özəl sənaye üzrə 82 %, əhali qrupu üzrə isə 84,9 % olmuşdur. Təbii qaz istehlakçıları tərəfindən 22722,7 min kub/metr təbii qaz istehlak edilmiş, 2272,3 min manata qarşı 2205,1 min manat vəsait toplanaraq ümumi yığım məbləği 97 % təşkil etmişdir. Həmin göstərici əhali sektoru üzrə 93,2 %, büdcə təşkilatları üzrə 79,1 %, sənaye, kommersiya və digər təşkilatlar üzrə üzrə isə 120,4 % təşkil etmişdir. 6 ay ərzində 1457 yeni abonentə təbii qaz verilərək, əhali abonentlərin ümumi sayı 13592-yə çatdırılmışdır. Bum qəsəbəsində 1264, Qəmərvan kəndində 337, Mirzəbəyli kəndində 627, Həmzəli kəndində isə 473 evə müxtəlif diametrli qaz xətləri çəkilmiş və sayğac quraşdırılaraq qazın açılışı olmuşdur. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2014-cü il tarixli 961 nömrəli Sərəncamına əsasən Bəyli, Mirzəbəyli, Cığatelli, Seyidqışlaq, Məmmədağalı, Bunud və Həmzəli kəndlərinin hər birində 1 ədəd olmaqla (cəmi 7 ədəd) subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı 6 ay ərzində şəhər təsərrüfatına 182,5 min manat, ictimai yaşayış binalarına 25,6 min manat, idarə və müəssisələrə 35,4 min manat, kommersiya obyektlərinə və fərdi yaşayış evlərinə 9 min manat dəyərində təmizlik və digər kommunal xidmətləri göstərmişdir. Qəbələ rayon 11 saylı Yol İstismar İdarəsi tərəfindən 432,4 min manatlıq cari təmir və yolların saxlanması işləri görülmüşdür. Qəbələ Telekommunikasiya qovşağı 590 min manat tarif gəliri proqnozuna qarşı 599 min manat gəlir əldə etmiş, proqnoz tapşırığa 101,5 % əməl etmişdir. “Azərpoçt” MMC-nin Qəbələ filialı 119,5 min manata qarşı 129,7 min manatlıq poçt-rabitə xidməti göstərərək proqnoz tapşırığı 108,5 % yerinə yetirmişdir. Rayonumuzda 2016-cı ilin birinci yarısında tikinti abadlıq işləri sahəsində də xeyli işlər görülmüşdür. Qəbələ şəhərində “YAP Qəbələ Rayon Təşkilatının inzibati binası”, Tufandağ oteli”, “Qəbələ Park Bulvar Kompleksi”, Dəmiraparan çayı üzərində 10 aşırımlı 324 p.metr uzunluqda dəmir – beton körpü, Qəbələ-Qəmərvan yolu üzərində 1 aşırımlı 36 pm uzunluqda dəmirbeton körpü, “Nohurqışlaq-Tüntül-Yengicə” avtomobil yolunun əsaslı təmiri obyektlərində tikinti işləri başa çatdırılmışdır. “Asan Xidmət”in inzibati binası və “100 yerlik uşaq bağçası” binası və “Kənd Təsərrüfatı İdarəsinin inzibti binası” obyektlərində isə son tamamlama işləri aparılır. Hazırda Qəbələ Futbol Akademiyası və Stadionlar kompleksi, “Aquapark” istirahət kompleksi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binası, “Qrand siti” otel binası, rayon prokurorluğunun inzibati binası, Savalan kəndində “Raftinq Mərkəzi”, rayon məhkəməsinin inzibati binası, Nohur gölü ərazisində sanataoriya kompleksi, Atçılıq mərkəzi, Qəbələ Peşə məktəbi, “Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidənqurulması layihəsi çərçivəsində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi” obyektlərində tikinti quraşdırma işləri davam etdirilir. Bununla yanaşı Qəbələ şəhəri Muxtar Abduyev küçəsindəki 11 ədəd beşmərtəbəli yaşayış binalarında cari təmir işləri aparılır və şəhərin 28 may, Vahid Qəhrəmanov və 5 saylı tam orta məktəbin arxa hissəsindəki küçələrdə abadlıq işlərinin aparılması davam etdirilir. Rayonumuzda biri özəl olmaqla 24 məktəbəqədər uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir. Uşaq bağçalarındakı mövcud maddi-texniki vəziyyətin yaxşılaşdırılması məqsədi ilə 2016-cı ilin 6 ayı ərzində yerli büdcədən ayrılmış vəsaitə uyğun olaraq 12200 manatlıq yumşaq, 12200 manatlıq bərk inventar, 29700 manatına isə elektrik avadanlıqları alınaraq bütün uşaq bağçalarına verilmişdir. Rayonun təhsil işçiləri cari ilin I yarısında təlim prosesinin bütün istiqamətlərində öz fəaliyyətlərini uğurla davam etdirmiş və bütün ümumitəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin müstəqil həyata hazırlanması sahəsində məqsədyönlü iş aparmışlar. Görülmüş işlərin nəticəsidir ki, məktəblərimiz 2015/2016-cı tədris ilini yaxşı nəticələrlə başa vurmuş və ümumilikdə təlimin göstəriciləri yüksək olmuşdur. Biliyi qiymətləndirilən 15762 -nəfər şagirddən 3995-nəfəri əla, 6042-nəfəri isə “4 və 5” qiymətlərlə oxumuşdur. Rayon üzrə müvəffəqiyyət faizi 99,7 %, keyfiyyət göstəricisi isə 63,8 % olmuşdur. Öz tarixi şöhrətinə qovuşmaqda olan Qəbələnin beynəlxalq mədəniyyət mərkəzinə, turizm diyarına çevrilməsi ilə əlaqədar rayonumuza gələn xarici ölkələrin dövlət rəsmilərinin və turistlərin sayı əhəmiyyətli dərəcədə artmış, beynəlxalq əlaqələrin qurulması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Carı ilin ötən dövrü ərzində Fransanın Kann şəhərinin meri Devid Lisnardın rayonumuza olan səfəri də belə tədbirlərdəndir. Səfər zamanı Azərbaycan Respublikasının Qəbələ rayonu və Fransanın Kann şəhəri arasında dostluq və əməkdaşlıq xartiyasının imzalanması nəzərdə tutulmuş, iki ölkə arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları araşdırılmışdır. Bununla yanaşı Özbəkistanın Səmərqənd vilayət hakiminin müavinlərinin və Özbəkistandakı Azərbaycan diaspor təşkilatının Səmərqənd vilayəti üzrə rəhbərliyinin, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişlər. Adamların sağlamlığının qorunması sahəsində idman mühüm əhəmiyyət kəsb edir. Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən 2016-cı ilin I yarımilli ərzində 36 tədbir həyata keçirilmişdir. Bunlardan 20 tədbir gənclərlə iş sahəsini, 16 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə etmişdir. Həyata keçirilən tədbirlərin mahiyyət baxımından əhəmiyyəti dövlət siyasətinin düzgün təbliğinin təşkili, hüquq tərbiyəsi, cinayətkarlıq hallarına qarşı mübarizə, vətənpərvərlik tərbiyəsi işinin inkişaf etdirliməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması, bədən tərbiyəsi və idman sahəsində isə yeniyetmə və gənc idmançıların aşkar olunması, idmanın kütləviliyinin təmin edilməsi, dərəcəlı idmançıların hazırlanmasından ibarət olmuşdur. Rayonda 2016-cı ilin I yarımili ərzində bir neçə beynəlxalq və respublika səviyyəli yarış keçirilmişdir ki, bunlardan ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş "Tour d'Azerbaidjan-2016" Beynəlxalq velosiped turniri və Olimpiya Atıcılıq növləri üzrə III Beynəlxaq Qran-Pri yarışlarını, “Gənc xilasedici və yanğınsöndürən” V respublika birinciliyi və IV Beynəlxalq yarışını göstərə bilərik. Həmçinin MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının bədən tərbiyə və idman üzrə Şurasının iclası, yeniyetmələr arasında sərbəst-güləş, cüdo və taekvondo idman növləri üzrə Qəbələ rayon Açıq turnirləri də keçirilmişdir. Son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif səpkili çıxışları nəticəsində respublikamızda əhəmiyyətli dərəcədə müşahidə edilən sosial – iqtisadi inkişaf 2016-cı ilin I yarım ili ərzində də davam etmişdir. Bu tendensiya aqrar sahə üçün də xarakterik olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetində ölkənin 2016-ci ilin 6 ayında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən iclasında qeyd etdiyi kimi son illər aqrar sahənin inkişafına dövlət qayğısının artması nəticəsində bütövlükdə ölkə üzrə bu sahədə xeyli irəliləyiş nəzərə çarpır. Bununla yanaşı dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin və torpaq mülkiyyətçilərinin təklif və istəklərini, həmçinin aqrar sektorun inkişaf prespektivlərinin öyrənilməsi məqsədilə yaradılan işçi qrupu rayonda olmuşdur. İşçi qrupu ilk öncə rayonda fəaliyyət göstərən istehsal zavodlarında və əkin sahələrində olmuş və yekunda rayon icra hakimiyyətində geniş müşavirə keçirilmişdir. Hazırda rayonumuzun kənd təsərrüfatı sahəsində əhəmiyyətli dirçəliş hiss edilir. Bu sahədə Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Sərəncamda kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcə vəsaiti hesabına yardımların verilməsi nəzərdə tutulur. Həmin Sərəncamın rayonda icrası ilə əlaqədar olaraq torpaq mülkiyyətçilərinə dövlət büdcəsinin vəsaiti hesabına yardımların hesablanması üçün ilkin sənədlərin hazırlanması artıq başa çatdırılmışdır. 2016-cı ilin məhsulu üçün 22510 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir ki, onun da 16010 hektarını buğda, 6500 hektarını isə arpa sahələri təşkil etmişdir. Hazırda taxıl biçini başa çatdırılmış və nəticədə 71081 ton məhsul istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 31,6 sentner təşkil etmişdir. Torpaq sahibləri tərəfindən cari ilin məhsulu üçün 1054 hektar kartof, 1992 hektar tərəvəz əkilmişdir. İndiyədək həmin sahələrdən 1650 ton kartof, 1120 ton tərəvəz məhsulu toplanmışdır. Sahələrdən məhsul toplanışı davam edir. Heyvandarlıq sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayon üzrə iribuynuzlu mal-qaranın sayı 46580 baş, qoyun-keçilər 188214 baş, donuzların sayı 1050 baş olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı xeyli artmışdır. Belə ki, ət istehsalı 2052 tona, süd istehsalı 19550 tona, yumurta istehsalı 5921 min ədədə, yun istehsalı isə 312 tona çatdırılmışdır. Hazırda əhalinin quş əti və yumurtaya olan tələbatının ödənməsi məqsədilə rayonda əvvəllər mövcud olmuş broyler quşçuluq kompleksinin fəaliyyətinin genişləndirilməsi istiqamətində də işlər aparılır. Həmçinin əhalinin südə olan tələbatını ödəmək məqsədi ilə şəhər bazarında və bir neçə iri kənddə daimi süd satışı təşkil edilmişdir. Rayonda 2 müasir heyvandarlıq kompleksləri fəaliyyətə başladıqdan sonra rayon əhalisinin ətə və südə olan tələbatının ödənməsində ciddi müsbət dəyişikliklər baş vermişdir. 2016-cı ildə 2 ədəd yeni kiçik həcmli heyvandarlıq ferması istifadəyə verilmişdir. 2016-cı ilin birinci yarısında vətəndaşların müraciətlərinə baxılması işi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, rayon icra hakimiyyətində müasir informasiya texnologiyalarından geniş istifadə olunmaqla vətəndaşların bütün müraciətlərinə baxılması təmin edilmişdir. Cari ilin birinci yarısı ərzində rayon icra hakimiyyətinə ümumilikdə 554 ərizə daxil olmuşdur. Daxil olan ərizələrdən 203-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 18-i Milli Məclisdən, 6-ı Nazirlər Kabinetindən, 57-i mərkəzi icra hakimiyyəti orqanlarından, 270-i isə vətəndaşlardan daxil olmuşdur. Vətəndaşlardan daxil olan ərizələrin məzmunu əsasən onların mənzillə təmin olunma və fərdi yaşayış evinin təmir olunması, müalicəyə göndərilməsi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, birdəfəlik maddi yardımın verilməsi, işə düzəlməsi və s. barədə olmuşdur. Daxil olan ərizələr ətraflı öyrənilərək hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab verilmişdir. 2016-cı ilin birinci yarısında vətəndaşların qəbulunun həyata keçirilməsi istiqamətində də müvafiq işlər görülmüşdür. Belə ki, 6 ay ərzində 600 nəfər vətəndaş rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Qəbula gələn vətəndaşların müraciəti ilə bağlı lazımi tədbirlər görülmüş, onların haqlı tələbləri qanunamüvafiq qaydada həll edilmişdir. İrəli sürülən təkliflərin və müraciətlərin 177-si həll edilmiş, 10 məsələnin həlli isə respublikanın digər aidiyyəti təşkilatları tərəfindən icra edilməli olduğuna görə həmin tələblərlə əlaqədar onlara müraciətlər ünvanlanmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalrının, səhiyyə, mədəni-maarif obyektlərinin, körpülərin tikintisi, subartezian quyularının qazılması və dağ çaylarında sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur. Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasındakı yekun nitqində ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verərək demişdir ki, bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdiriləcəkdir. Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlətimizin başçısı son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Formula-1 Avropa Qran-prisinin ölkəmizdə turizmin inkişafına ciddi dəstək verdiyini bildirmişdir. Bundan əlavə, Prezident cənab İlham Əliyev “ASAN xidmət”in fəaliyyətinə toxunaraq artıq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini, ölkədə 9 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, bu il isə Masallı və Qəbələdə yeni mərkəzlərin yaradılacağını da diqqətə çatdırdı. Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən dövlət başçısı 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə etmişdir. Hesabat yığıncağında Qəbələ Rayon Kənd təsərrüfatı idarəsinin rəisi Rahib Əhmədov, rayon suvarma sistemləri idarəsinin rəisi Qüdrət Həmidov çıxış edərək təmsil etdikləri sahədə görülmüş işlər barədə məlumat vermişlər. Yekunda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev idarə, təşkilat və müəssisə rəhbərlərinə cari tapşırıqlarını və tövsiyələrini vermişdir.