“Unutmarıq biz bu həqiqətləri”
Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı “Unutmarıq biz bu həqiqətləri” adlı tədbir keçırılmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin, Mədəniyyət və Turizm şöbəsinin, Peşə məktəbinin, Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin, Təhsil şöbəsinin, şəhər məktəblərinin nümayəndələr iştirak edirdi. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə İsayeva bu günün mahiyyəti haqqında məlumat verərək bildirdi ki, 1998-ci il 26 mart ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 31 mart dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını və repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biridir. Azərbaycan xalqı bu hadisələri heç vaxt unutmayacaq. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı bütün dünyaya bəyan edəcək, tanıdacaq!
Mərkəzin əməkdaşı Gözəlova Şəmsiyyə məruzəsində qeyd etdi ki, bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi mart hadisələrindən 95 il ötür. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın və soyqırım nəticəsində rəsmi mənbələrə əsasən 50 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilmişdi. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdi. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50 min azərbaycanlı qaçqın düşmüşdü. Təkcə mart ayında Şamaxının 58 kəndi erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürülüb ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq olub. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının əhalisi 1921-ci ildə təxminən 1700 nəfərə enmişdi. Quba qəzasına göndərilən daşnak dəstələri 122 kəndi yandırıb, yerli sakinləri isə min bir əzabla qətlə yetiriblər.
Ümumilikdə bir həftəyədək davam edən qətliamda 50 min azərbaycanlı erməni terrorunun qurbanı olub. Mart qırğını zamanı Bakı şəhərində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadının meyiti tapılıb. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan 2 min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Ümummilli lider Heydər Əliyev də tariximizin doğru-düzgün araşdırılması, öyrədilməsi təbliğ olunmasını daim diqqət mərkəzində saxlamışdır. Heydər Əliyevin məruzələri, çıxışları, xalqa müraciətləri bunun parlaq nümunəsidir. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan olunub.” 1918-ci ilin mart-aprel hadisələri Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılıb və heçvaxt da silinməyəcək. Bizim də üzərimizə düşən bu həqiqətləri dünya xalqlarına çatdırmaqdır.
Rayon İcra hakimiyyətinin nümayəndəsi Zahid Əfəndiyev və Peşə məktəbinin direktoru Azad Məmmədov çıxış edərək bildirdilər ki, bu hadisələr ermənilər tərəfindən planlaşdırılmışdır. Azərbaycan torpaqlarını işğal edib “Böyük ermənistan” yaratmaq istəyi onlarda həmişə olub.Xalqımızın başına gətirlən hadisələr gənc nəsil üçün örnək olmalıdır, düşmən həmişə süfrəmizin qırağında olub. Gənclər tariximizi unutmamalı və onu hər yerdə, istər sosial şəbəkədə, istər xarici ölkələrdə təbliğ etməlidir.
Tədbirin sonunda iştirakçılar “31 mart soyqırımı” ilə əlaqədar sənədli filmə baxdılar.