Qəbələ festivalında mərhum səfir Fuad İsmayılovun xatirəsinə konsert təşkil olunub.
Qədim və müasir Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir.
Müxtəlif ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera və orkestr konsertləri, muğam axşamı, piano müsabiqəsi keçirilir. Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi bir musiqi bayramı kimi dünyada tanınan Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq yubiley tədbirləri, tanınmış musiqiçilərin xatirəsinə həsr edilmiş konsertlər təşkil olunur.
Yerli və xarici musiqisevərlər üçün festivalın proqramına uyğun olaraq avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzindəki kamera zalında Azərbaycanın Avstriyadakı səfiri olmuş və 2011-ci ildə dünyasını dəyişən Fuad İsmayılovun xatirəsinə həsr edilmiş konsert təşkil edilib. Y.Haydn adına Konservatoriyanın və Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetinin tələbəsi, pianoçu Müşfiq Quliyev xatirə konsertində Avropa bəstəkarlarından İ.S.Baxın, F.Şopenin, A.Skryabın və F.Listin əsərlərini səsləndirib.
Məlumat verilib ki, 2012-ci ildə İtaliyada keçirilən gənc ifaçıların “XXI əsrin incəsənəti” müsabiqəsində iki nominasiya (kamera ansamblı və fortepiano solo) üzrə qalib gələn, 2014-cü ildə III Stokholm Beynəlxalq Müsabiqəsinin laureatı olan istedadlı gənc pianoçu Müşfiq Quliyev 2013-cü ildə mərhum səfir Fuad İsmayılovun xatirəsinə yaradılan “Gələcəyə doğru” Xeyriyyə Fondunun təqaüdçüsü seçilib. O, bu fondun dəstəyi ilə Avstriyanın Y.Haydn adına Konservatoriyana daxil olub. M.Quliyev hazırda həmin təhsil ocağında, eyni zamanda Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetində təhsilini davam etdirir.