Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kənd təsərrüfatı işlərinin gedişi diqqət mərkəzindədir.

04 aprel 2013 | 15:00

Respublikamızda son illər əhəmiyyətli dərəcədə hiss  edilən  sosial – iqtisadi  inkişaf, 2013-cü ilin I rübü ərzində də davam edib. Regionların sosial – iqtisadi  inkişafı Dövlət Proqramlarında aqrar sahə üzrə nəzərdə tutulmuş  tədbirlərin uğurla həyata keçirilməsi ölkənin  aqrar sahəsinin  inkişafında həlledici rol oynamışdır. Son illərdə  islahatların  dərinləşməsi, ictimai və makroiqtisadi sabitlik, iqtisadiyyatın və əhalinin  həyat səviyyəsinin yuksəldilməsi xalqımız  tərəfindən qürur və rəğbət hissi ilə qarşılanır.
Aqrar sahəyə dövlət  qayğısının daim artması nəticəsində, bütövlükdə Respublikada olduğu kimi,  rayonumuzun  kənd  təsərrüfatı sahəsində də əhəmiyyətli dirçəliş  hiss edilir. Xüsusilə qeyd etmək lazımdır ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncam kəndli sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılanmışdır.
Rayon komissiyası tərəfindən Sərəncamın icrası ilə əlaqədar olaraq  2012-ci ilin dekabr ayında 1285 nəfər torpaq mülkiyyətçilərinə dövlət büdcəsinin vəsaiti hesabına 760601 manat yardım hesablanmış və həmin vəsait bu ilin I rübündə plastik kartlar vasitəsilə sahiblərinə çatdırılmışdır.
Torpaq sahibləri tərəfindən indiyədək  347 ha sahədə   yazlıq bitkilər əkilmişdir ki, bunun da 212 hektarını kartof , 47 hektarını tərəvəz, 88 hektarını isə birillik və coxillik otlar təşkil etmişdir. Yazlıq bitkilərin əkini davam edir.
Rayon aqrokimya laboratoriyası tərəfindən rüb ərzində rayonda mövcud olan əkin sahələrində torpağın münbitliyini öyrənmək məqsədilə 1871 ədəd nümunə götürülərək laboratoriya analizindən keçirilmiş və nəticələri barədə torpaq mülkiyyətçilərinə məlumat verilmişdir.
Rayon Bitki Mühafizə Mərkəzi tərəfindən ziyanvericilərə və alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilir və bu məqsədlə sahələrdə daimi müşahidələr aparılır.  Alaq otlarına qarşı 2750 hektar, gəmiricilərə qarşı mübarizə məqsədi ilə isə 940 hektar sahə dərmanlanmışdır.
Dövlət Toxum Müfəttişliyi tərəfindən 2013-cü ilin I rübündə fiziki şəxslər tərəfindən laboratoriya analizinə gətirilmiş 2,7 ton qarğıdalı, 25 ton kartof və digər toxum nümunələri    yoxlanılmış və müvafiq rəy verilmişdir.
Qəbələ rayon Dayaq məntəqəsi 50 hektar ərazini əhatə edir. Onun 39 hektarını bağ sahələri, 11 hektarını isə əkin sahələri təşkil edir. Rüb ərzində       350 ədəd köklü fındıq tingi yetişdirilmişdir.
Heyvandarlıq  sahəsində də  əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayon üzrə iri buynuzlu mal-qaranın sayı artaraq 52715 başa, qoyun-keçilər 219589 başa, donuzların sayı 989 başa  çatmışdır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı da xeyli artmışdır. Belə ki, ət istehsalı 13 ton    artaraq 1121 tona, süd istehsalı 5 ton  artaraq 5619 tona, yumurta istehsalı isə 407 min ədəd artaraq 3112 min ədədə çatmışdır. Hazırda əhalinin quş əti və yumurtaya olan tələbatını ödəmək məqsədi ilə rayonda əvvəl mövcud olmuş broyler quşçuluq kompleksi təmir olunur və 2013-cü il ərzində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Rayonda mal-qaranın damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün        8 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Rüb ərzində 908 baş inək və düyələrdə süni mayalama aparılmış ki, bu da yüksək məhsuldar heyvanların əldə olunmasına imkan yaradacaqdır.Məntəqələr nazirlik tərəfindən lazımi avadanlıqla təmin edilmişdir.
Baytarlıq idarəsi və Zona Baytarlıq laboratoriyası tərəfindən heyvanların yoluxucu xəstəliklərə tutulmaması üçün vaxtaşırı lazımi müayinə və profilaktika işləri aparılır. Hal-hazırda rayonda epizotik durum demək olar ki, sabitdir. 2013-cü ilin I rübü ərzində 13 baş iri buynuzlu heyvanın bruselloza qarşı müayinə zamanı xəstə olduğu müəyyən edilmişdir ki, həmin heyvanlar da kəsilərək təsərrüfatdan çıxarılmışdır. Digər yoluxucu xəstəliklər - dabaq, qarayara, leptesprioz, çiçək və sair müşahidə edilməmişdir.
Respublikamızın paytaxtı Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayonumuzun kənd təsərrüfatı məhsulları istehsalçıları da fəal iştirak edir. 2013-cü ilin I rübü ərzində həmin  yarmarkalarda 21 ton tumlu, 22  ton qərzəkli,  0,3 ton çəyirdəkli  meyvələr satılmışdır. Məhsul istehsalçılarının satış yarmarkalarında iştirakı davam edir.
Məlum olduğu kimi taxılçılığın inkişafına təsir edən mühüm amillərdən biri yüksək məhsuldar toxum növlərinin mövcud olmasıdır.Yüksək məhsuldar toxum növlərinin əldə olunması üçün, rayonda  5 özəl toxumçuluq  təsərrüfatı  fəaliyyət göstərir. 2013-cü ilin məhsulu üçün həmin təsərrüfatlarda 4704 ton I və II reproduksiyalı toxumlar istehsal edilmiş və  münasib qiymətlərlə torpaq  mülkiyyətçilərinə satılmışdır. Həmin toxum növlərindən  “Nota”, “Cəlilabad-19”, “Əkinçi -84”, “Şəki-1”, “Əzəmətli-95”, “Turan”, “Kroşka”, “Bezost” kimi yüksək məhsuldar toxum növlərini göstərmək olar. Həmin təsərrüfatların əkin sahələrində rüb ərzində zəruri aqrotexniki tədbirlərin aparılması təmin edilmişdir.
Digər kənd təsərrüfatı sahələrinin inkişafına da diqqət yetirilir. Rayonda konserv zavodu və fındıq emalı zavodu kimi alıcı müəssisənin fəaliyyət göstərməsi nəzərə alınaraq əhali  arasında  meyvəçişliyin  inkişaf  etdirilməsi  istiqamətində  təbliğat  işləri genişləndirilmişdir. Rayon üzrə mövcud bağ sahələri 5603 hektardır. Həmçinin yeni üzüm plantasiyalarının salınması işi davam etdirilir. Hazırda rayonda 406 hektar yeni üzüm bağları mövcuddur. Rüb ərzində bağlara və üzüm plantasiyalarına qulluq işləri davam etdirilmişdir.
Respublikamızın iqtisadiyyatındakı irəliləyişlər, aqrar sahəyə dövlət qayğısının daim artması, bu sahədə rayonda görülən işlər bizə  deməyə imkan verir ki, rayonumuzun aqrar sahəsi və bu sahədə görülən işlər yüksək  templərlə  inkişaf  edəcəkdir.

Keçidlər