“Qəbələ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Avqustun 4-də “Qəbələ” futbol komandası UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununu keçirib. "8-ci kilometr" stadionunda oynanılan görüşdə Fransanın “Lill” klubunu məğlub edən “Qəbələ” komandası turnirin pley-off mərhələsinə yüksəlib. “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rəşad Sadiqov (k), Nika Kvekveskiri, Sergey Zenyov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Baqali Dabo, Filip Ozobiç, Rikardinyo və Teo Uiks yer alıblar. "Lill" komandasının ilk onbirliyində isə meydana Vinsent Enyeama, Sebastyan Korçia, Renato Çivelli, İbrahim Amadu, Munir Obbadi, Morqan Amalfitano, Erik Bautok, Yulian Palmieri, Markos Lopes, Eder və Adama Soumaoro çıxıblar. Oyunu rusiyalı hakimlər briqadası idarə edib. Komandalar matçın birinci hissəsinə sürətli hücumlarla başlayıblar. Qonaqlar birinci hissənin sonunda fəallığı bir qədər artırsalar da, qolu öz qapılarında görüblər. Qarşılaşmanın 34-cü dəqiqəsində Filip Ozobiçin təxminən 20 metr məsafədən vurduğu zərbə dəqiq alınıb və “Qəbələ” hesabı açıb - 1:0. Komandalar fasiləyə bu hesabla yollanıblar. "Lill" futbolçuları ikinci hissədə hesabı bərabərləşdirmək üçün irəli atılıblar. Qonaqları əks-hücumlarda yaxalayan meydan sahibləri bir neçə qol vəziyyəti yaratsalar da, fərqlənə bilməyiblər. Fransa təmsilçisi də bir neçə epizodda “Qəbələ”nin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Bütün cəhdlərə baxmayaraq, qalan dəqiqələrdə qapılara qol vurulmayıb və "Qəbələ" cavab qarşılaşmasında "Lill"i 1:0 hesabı ilə məğlub edib. Fransada keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatdığından “Qəbələ” iki görüşün nəticəsinə görə pley-offa vəsiqəni təmin edib. “Qəbələ”nin növbəti mərhələdəki rəqibi avqustun 5-də atılacaq püşkatma nəticəsində bəlli olacaq.