“Qəbələ” UEFA Avropa Liqasında mübarizəni qrup mərhələsində davam etdirəcək.
Avqustun 25-də futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” klubu səfərdə Sloveniyanın “Maribor” komandası ilə cavab matçına çıxıb. Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Nika Kvekveskiri, Sergey Zenyov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Filip Ozobiç, Rikardinyo, Rafael Santos, Teo Uiks və Baqali Dabo yer alıblar. Sloveniya təmsilçisinin ilk onbirliyində isə Jasmin Handanoviç, Erik Yanza, Marko Şuler, Blaz Vrhoveç, Aleks Pihler, Markos Tavares, Milivoye Novakoviç, Dare Vrişiç, Rodriqo Defendi, Damyan Bohar və Denis Sme mübarizə aparıblar. Macarıstanlı baş hakim Viktor Kaşşainin idarə etdiyi oyunun ilk hissəsi meydan sahiblərinin hücumları şəraitində keçsə də hesab açılmayıb-0:0. İkinci hissə qarşılıqlı hücumlarla başlayıb. Oyunun 65-ci dəqiqəsində Markos Tavares “Maribor” komandasını hesabda irəli çıxarıb. Qoldan dərhal sonra Baqali Dabo qapıçı ilə üzbəüz qalsa da topu qapıdan keçirə bilməyib. Oyunun 68-ci dəqiqəsində isə komandamızın futbolçusu Teo Uiks qırmızı vərəqə alaraq, meydanı tərk edib. Oyunun sonrakı dəqiqələrində isə meydan sahibləri böyük qüvvə ilə hücuma atılsalar da qapımıza yol tapa bilməyiblər. Beləliklə, iki oyunun nəticəsinə görə üstün olan “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Təmsilçimizin rəqibləri avqustun 26-da keçiriləcək püşkatma mərasimindən sonra məlum olacaq.