Qəbələnin şəfalı suları: “Qəmərvan”, “Şonqar”, “Yengicə”
Azərbaycanda qədim dövrlərdən müalicə-profilaktik məqsədlərlə təbiətin şəfaverici amilləri olan mədən sularından, müxtəlif növ neft və vulkanik palçıqlardan geniş istifadə edilir. Hazırda Böyük Qafqaz dağlarında 30-dan çox termal və soyuq, müxtəlif konsentrasiyalı, kükürdlü və üzvi maddələr tərkibli mineral su yataqları mövcuddur ki, onlardan da 3-ü Qəbələdə yerləşir. Müalicəvi əhəmiyyətinə görə nəinki Azərbaycanda, hətta region ölkələrində birinci sıralarda dayanan “Yengicə” və “Qəmərvan” termal bulaqları hazırda istisu sanatoriyası kimi fəaliyyət göstərir. “Qəmərvan” bulağı, yəni “Çömçə bulaq” Qəmərvan kəndindən 5 kilometr şimalda, Bum çayının dərəsində, dəniz səviyyəsindən 1388 metr hündürlükdə səthə çıxan termal-mineral sudur. Suyun təbii temperaturu 39,2 dərəcədir. “Qəmərvan” bulağının suyu kükürdlü və dəmirli birləşmələrlə zəngindir. “Qəmərvan”, “Şonqar” və “Yengicə” mineral bulaqlarının suyundan götürülən nümunələr 1965-1966-cı və 1973-1977-ci illərdə Sankt-Peterburqda xüsusi laboratoriyada kimyəvi analizdən keçirilib. Analiz nəticəsində müəyyən edilib ki, “Qəmərvan” suyunun tərkibində silisumlu birləşmələr 30-40 mq/l, kükürd 3-12 mq/l olub, ümumi minerallığı 1,52-1,79 q/l bərabərdir. Kimyəvi və fiziki xassələrinə, müalicəvi əhəmiyyətinə görə “Qəmərvan” mineral bulağı Qərbi Avropada (Priney yarımadasında) məşhur olan Kuldur mineral suyu ilə eynidir. “Qəmərvan” mineral suyundan bir çox xəstəliklərin müalicəsində istifadə etmək üçün 2007-ci ildən rayonun Qəmərvan kəndi ərazisində “Qəmərvan” İsti Su Müalicə-Sağlamlıq Kompleksi fəaliyyət göstərir. “Şonqar” mineral bulağı isə Qəbələ şəhərinin şimal–şərqində, Dəmiraparan çayının sol sahilində, “Qızılqaya” dağının ətəyində yerləşir. Bulağın suyunun minerallığı yüksəkdir, yəni 40 q/litrə çatır. “Şonqar” hidrokarbonatlı, əhəngli soyuq mineral bulaqdır. Yüksək keyfiyyətli içməli su kimi əhali tərəfindən geniş istifadə olunur. 2000-ci ildə “Şonqar” bulağından Bakı-İsmayıllı-Qəbələ-Şəki avtomobil yolunun kənarına, yəni Dəmiraparan çayı üzərindəki körpünün yanınadək su xətti çəkilib və orada “Heydər bulağı” kompleksi yaradılıb. “Yengicə” mineral bulağı isə Yengicə kəndinin şimal şərqində, böyük çayın dərəsində yerləşir. Suyunun tərkibində hidrokarbonatlı natrium, maqnezium və əhəng var. Onun ümumi minerallığı 0,48 q/l-dır və soyuq kükürdlü sudur. “Qəmərvan” suyu kimi “Yengicə” suyunun müalicəvi əhəmiyyəti də yerli və ətraf rayonların əhalisinin diqqətini özünə cəlb edib. Yüksək keyfiyyətə malik olan “Yengicə” suyu “dağ daşı” ilə süni şəkildə qızdırılmaqla bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Daşla qızdırılmış “Yengicə” mineral suyunun ion tərkibi olduqca zənginləşir və insan orqanizmi üçün faydalı olan 10-a qədər kimyəvi elementin birləşməsindən ibarət məhlula çevrilir. Bütün bu keyfiyyətləri nəzərə alınaraq 2007-ci ildə Yengicə kəndində müasir tələblərə cavab verən “Yengicə” İstisu Müalicə-Sağlamlıq Kompleksi yaradılıb. Ötən il müalicə kompleksinin iki mərhələsi, yəni “Qafqaz Yengicə Termal Hotel və SPA” mərkəzinin inşa işləri başa çatdırılıb və Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Qeyd edək ki, Qəbələyə gələn yerli və xarici turistlər rayondakı müasir otel, istirahət və əyləncə mərkəzlərində dincəlməklə yanaşı, istisu müalicə ocaqlarına da müraciət edirlər. Bu da Qəbələdə müalicə turizminin perspektivindən xəbər verir.