Olimpiya atıcılıq növləri üzrə gənclər arasında keçirilən Dünya Kuboku yarışları davam edir.
“Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə gənclər arasında keçirilən Dünya Kuboku yarışları davam edir. Yarışların üçüncü günü oğlanlar və qızlar arasında kiçikçaplı tüfəngdən 10 metr məsafəyə atəş açma, oğlanlar arasında kiçikçaplı tapançadan 50 metr məsafəyə atəş açma və 25 metr məsafəyə 5 dəfə sürətli atəş açma üzrə yarışların qalibləri məlum olub. Oğlanlar arasında kiçikçaplı tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında Çexiya idmançısı Filip Nepejal birinci, Yaponiya atıcısı Atsushi Şimada ikinci, Hindistan təmsilçisi Arjun Babuta üçüncü yeri tutublar. Qızlar arasında kiçikçaplı tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında Rusiya idmançısı Anastasiya Qalaşina birinci, Rusiya təmsilçisi Tatyana Xarkova ikinci, Sinqapur atıcısı Martina Lindsay Veloso üçüncü yeri əldə ediblər. Oğlanlar arasında kiçikçaplı tapançadan 50 metr məsafəyə atəş açma yarışında Rusiya idmançıları Artem Çernosov, Anton Zanin, Aleksandr Basariyev müvafiq olaraq I-III yerləri tutublar. Həmçinin oğlanlar arasında 25 metr məsafəyə 5 dəfə sürətli atəş açma üzrə yarışda Hindistan idmançısı Ruşiraj Barot birinci, Çexiya atıcısı Lukas Skomal ikinci, Avstriya təmsilçisi Sergey Evqlevski üçüncü yeri tutublar. Yarışlardan sonra ilk 3 yeri tutan idmançıların və komandaların mükafatlandırılması mərasimi keçirilib. İdmançılara medalları Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim edib.