Latviya Respublikasının Sаlаçqrivа şəhərinin bələdiyyə assosiasiyasının üzvləri əməkdaşlıq məqsədilə Qəbələ rayonuna səfər etmişlər
Latviya Respublikasının Sаlаçqrivа şəhərinin bələdiyyə assosiasiyasının üzvləri əməkdaşlıq məqsədilə Qəbələ rayonuna səfər etmişlər. Səfər çərçivəsində qonaqlar rayon ilə tanışlıq məqsədi ilə bir sıra istehsal müəssisələrin fəaliyyəti və bölgənin turizm imkanları ilə yaxından maraqlanmışlar. İlk öncə qonaqlar Qəbələ Konserv zavodunda istehsal prosesini yaxından izləmişlər. Məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur. Məhsullar “Jalə”, “Bağdan”, “Aycan”, “Zolotoy sad” adlı təbii meyvə şirələri, müxtəlif tamlara malik “İce tea-Jalə” soyuq çayları, həmçinin meyvə dilimlərindən ibarət konservlərdir.
Bildirilmişdir ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Daha sonra qonaqlar zavodda istehsal olunan məhsulların sərgisinə baxış keçirmişlər. Qeyd olunmuşdur ki, zavodun beynəlxalq sertifikatı mövcuddur müəssisələrin məhsulları ölkəmizdən kənarda da kifayət qədər tanınır. Daha sonra qonaqlar Meyvə-tərəvəz məhsullarının saxlanılması və çeşidlənməsi üçün inşa edilmiş soyuducu anbar kompleksi ilə də tanış olmuşlar. Məlumat verilmişdir ki, üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun uzun müddət saxlanması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Müəssisədəki meyvəçeşidləmə sexinə də baş çəkən qonaqların diqqətinə çatdırılmışdır ki, burada quraşdırılan avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə imkan verir. Rayonunun istehsal müəssisələri ilə yaxından tanış olan nümayəndə heyəti daha sonra "Gilan piano" MMC-nin "Beltmann" piano fabrikində istehsal prosesi ilə yaxından tanış olmuşlar. Bildirilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir.
Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür. Rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinə baxış keçirən nümayəndə heyətinə məlumat verilmişdir ki, burada atıcılıq idmanının daha çox yayılan və olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır. Kompleksin ərazisində olimpiya yarışlarında tətbiq edilən və bütün texniki inventarlarla təchiz olunan sahə də yaradılmışdır. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulmuş, nəticələri qeydə alan elektron tablo yerləşdirilmişdir. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılmışdır. Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılmışdır. Ümumilikdə 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sporting meydançası inşa edilmişdir. Dairəvi və səngər stend atıcılığı avadanlığı Fransadan, sporting avadanlığı İngiltərədən, tir avadanlığı İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilmişdir. Burada idman-ovçuluq ləvazimatı mağazasının fəaliyyət göstərməsi kompleksin özəlliklərindən biridir.
Bələdiyyə assosiasiyasının üzvləri Vəndam qəsəbəsində inşa olunmuş 620 başlıq Heyvandarlıq-südçülük kompleksinə baxış keçirmişlər. Məlumat verilmişdir ki, kompleks Almaniyanın məşhur "Delovan", "Qruber", "Vestvalya", "Dea" şirkətləri ilə sıx əməkdaşlıq şəraitində yaradılmışdır. Sağım sexi dünyanın ən mütərəqqi "Karusel" tipli avadanlığı, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilmişdir. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Kompleks üçün ilkin olaraq Almaniyadan 620 baş "Simmental" cinsindən olan südlük-ətlik istiqamətli cins düyələr alınmışdır. Mart ayında əlavə 160 baş heyvanın gətirilməsi təmin ediləcəkdir. Gətirilən heyvanlar artıq yerli iqlimə uyğunlaşmış və orta hesabla ildə 5000-6000 litr yüksək yağlılıq göstəricilərinə malik süd verəcəkdir. Kompleksin yemlə təmin edilməsi məqsədi ilə rayonda 1554 hektar ərazisi olan yem təsərrüfatı yaradılmışdır. Artıq bu ərazilərdə müxtəlif yem bitkiləri əkilmişdir. Müəssisənin xüsusi yem sexi və 5 silos quyusu vardır. Bundan başqa, 200 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılmışdır. Görülən işlər hesabına kompleksin yem təchizatı tam təmin olunacaqdır. Əlavə olaraq 20 hektar alma bağı salınmış və burada hər hektarın məhsuldarlığının 30-40 tona çatacağı gözlənilir. Əkin-biçin işlərinin aparılması və əkin sahələrinə aqrotexniki qulluq göstərilməsi məqsədi ilə Avropanın lider şirkətlərindən 88 maşın və texnika alınmışdır. Həmin texnikalar 4 qarajdan ibarət avtoparkda saxlanılır. Tikintisi tamamlanmaq üzrə olan ət emalı fabrikində heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasınadək bütün proseslər gigiyenik normalar gözlənilməklə həyata keçiriləcəkdir. Diqqətə çatdırılmışdır ki, ölkə başçısı cənab İlham Əliyevin heyvandarlığın inkişafının təmin edilməsi ilə bağlı verdiyi tapşırıqların icrası nəticəsində 2015-ci ilədək kompleksdəki inəklərin sayı 2400-ə, heyvanların ümumi sayı isə 4800-ə çatdırılacaqdır. Beləliklə, bu kompleks Avropanın ən nəhəng heyvandarlıq müəssisələrindən biri olacaqdır. Burada çalışan aparıcı mütəxəssislər Hollandiyada və Almaniyada ixtisasartırma kursu keçmişlər. İstehsal olunan süd Qəbələ süd emalı zavoduna göndərilir. Burada "Jalə" brendi ilə ağartı məhsulları istehsal olunur. Daha sonra qonaqlar Rayonun tarixi abidələrindən olan Nic qəsəbəsindəki Alban məbədi və 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin bu günədək gəlib çatmış qala divarının qalıqlarının, və burada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri ilə tanış olmuşlar.
Latviya Respublikasının Sаlаçqrivа şəhərinin bələdiyyə assosiasiyasının üzvləri Qəbələnin füsunkar təbiəti, rayonda yaradılmış müasir turizm infrastrukturu "Qafqaz Riverside", "Qafqaz Resort", "Qafqaz Sport" otelləri, "Fitnes" istirahət-sağlamlıq mərkəzləri ilə də tanış olmuşlar. Bələdiyyə assosiasiyasının üzvləri Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə böyük işlər görüldüyünü söyləmiş, ölkəmizin sosial-iqtisadi inkişafının, rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinin, sürətlə inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndirmişlər.