“Autizm Spektr pozuntusu yaşayan şəxslərin cəmiyyətə inteqrasiyası” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Qəbələ Rayon İcra Hakimiyyəti, rayon təhsil sektoru, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi, “İkinci Nəfəs” və “Ülkər” Psixologiya Mərkəzlərinin təşkilatçılığı ilə “Aprel-Autizm maarifləndirməsi ayı” ilə bağlı “Autizm Spektr pozuntusu yaşayan şəxslərin cəmiyyətə inteqrasiyası” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə ümumi təhsil müəssisələrinin psixoloqları, məktəbəqədər təhsil müəssisələrinin müdir və tibb bacıları iştirak etmişdir. Çıxış edənlər Autizm maarifləndirmə ayı, eləcə də xəstəliyin əlamətləri barədə geniş məlumat vermiş, xəstəliyin erkən aşkarlanmasının müalicəsinə müsbət təsir etdiyini bildirmişlər. Qeyd edilmişdir ki, 2008-ci ildən etibarən BMT-nin qərarı ilə aprel ayı bütün dünyada Autizm Maarifləndirmə ayı, 2 aprel isə Autizm Maarifləndirmə Günü olaraq qəbul olunmuşdur.