Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qurumları arasında beşnövçülük üzrə çempionata yekun vurulub
8-12 iyul 2024-cü il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Qəbələ rayonunda FHN-in qurumları arasında keçirilən beşnövçülük üzrə çempionata yekun vurulub. Çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 17 komandadan 90-a yaxın əməkdaşı iştirak edib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan mükafatlandırma mərasimində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, FHN-in Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsinin komandiri polkovnik Amil Alcanov iştirak edib. Tədbirdə çıxış edən Füzuli Musayev iştirakçıları təbrik edərək, yarışın əhəmiyyətindən danışıb, idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib. Yarışda komanda hesabında 1-ci yeri Mülki müdafiə qoşunlarının, 2-ci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin, 3-cü yeri isə Bakı Regional Mərkəzinin komandası tutub. Yarışın əzmkar komandası Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası olub. Şəxsi nəticələrdə 1-ci yerə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Məhəmməd Ziyadov, 2-ci yerə Aran Regional Mərkəzinin əməkdaşı Zeynal Zeynalov, 3-cü yerə isə FHN Akademiyasının kursantı Əli Həsənov sahib olub. Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.