Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən X “Gənc xilasedici” Beynəlxalq yarışı və XI “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib
İyunun 30-da Qəbələ şəhərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə X “Gənc xilasedici” Beynəlxalq yarışı və XI “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin yerli idarələrinin nümayəndələri, ümumilikdə respublika üzrə 18 komanda və beynəlxalq iştirakçılardan ibarət 6 komanda (Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Belarusdan olan komandalar), Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirə Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə start verilib. Mərasimdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini general-leytenant Adil Abdullayev yeniyetmə və gənclərin milli vətənpərvərlik, xalqına və dövlətinə sədaqət ruhunda yetişməsi məsələsinə xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman xüsusi həssaslıqla yanaşdığını vurğulayaraq bu yarışın gənclərdə fövqəladə hallarla mübarizə sahəsində əməli vərdişlərin formalaşması ilə yanaşı, bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynadığını qeyd edib. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələr əldə etməsindən danışmış, tədbir iştirakçılarına uğurlar arzulamışdır. Sonra yarışlara qatılmış komandaların təntənəli keçidi baş tutub. Builki yarışa respublikanın müxtəlif bölgələrindən olan 19 nəfər şəhid övladı dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərdə tutulur. Yarışlar iyulun 6-na kimi davam edəcək.