Azərbaycanın futbol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının proqramına uyğun olaraq, sentyabrın 27-də Qəbələ şəhər stadionunda futbol yarışlarına start verilib. Birinciliyin ilk oyununda Aqil Nəbiyevin başçılıq etdiyi Azərbaycan (U-16) millisi Tacikistanın U-16 komandası ilə qarşılaşıb. Oyuna başlamazdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüş Azərbaycan millisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada qolu 29-cu dəqiqədə Xəzər Hüseynzadə vurub. Günün ikinci matçında isə Rusiya və Belarus yığmaları üz-üzə gəliblər. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Qeyd edək ki, futbol yarışında 6 ölkənin - Azərbaycan, Tacikistan, Qırğızıstan, Belarus, Rusiya və Özbəkistanın komandaları mübarizə aparırlar. Yarışlara oktyabrın 4-də yekun vurulacaq.













