Azərbaycanın Milli qəhrəmanı, general-mayor Polad Həşimovun anım gününə həsr olunmuş tədbir keçirilmişdir
15 iyul 2023-cü il tarixində Qəbələ Rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, Polad Həşimovun döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, ən müasir səviyyədə həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi dünya hərb tarixində misli görünməmiş qələbə qazanaraq Azərbaycan əsgərinin tarix yazdığını vurğulamış, 2020-ci ilin iyul hadisələrinin bu qələbənin qazanılmasında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Tədbirdə çıxış edənlər milli qəhrəmanın həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qələbəsindən bəhs etmiş, Qəbələ Mədəniyyət Mərkəzinin aktyorlarının və məktəblilərin ifasinda Polad Həşimova həsr olunmuş mahnılar və şeirlər səsləndirmişdir. Sonda Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova çıxış edərək general haqqında öz xatirələrini danışmış, tədbirin hazirlanmasında zəhməti olan hər kəsə təşəkkür etmiş və şəhid ailələrinin, müharibə əlillərinin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğuna görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. Sonda Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun həyat və fəaliyyəti haqqında video-çarx nümayiş etdirilmişdir.