Çarxana kəndində növbəti səyyar qəbul keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Çarxana kəndində keçirilmişdir. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan, bölgəyə göstərilən xüsusi diqqət və qayğıdan, rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Yaranan problemlərin vaxtında həlli istiqamətində bütün zəruri addımların atıldığını vurğulayan icra başçısı bütün yaşayış məntəqələrində əhalini narahat edən məsələlərin həlli ilə bağlı həyata keçirilən tədbirlərin, infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyini vətəndaşların diqqətinə çatdırmışdır. Sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.