"Dövlətçilik tariximizin şanlı səhifəsi" adlı tədbir keçirilib
Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar "Dövlətçilik tariximizin şanlı səhifəsi" adlı tədbir keçirilib. Çıxış edənlər bildiriblər ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi və ölkədə hakimiyyət böhranı başlandı. Ölüm dilemması qarşısında qalan xalqın ümumi vəziyyəti, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Belə çətin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik müdrik rəhbər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisə kimi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın xilaskarı olaraq dünyanın siyasi müstəvisində mühüm yer tutdu. Tədbir çərçivəsində mövzu ilə əlaqədar videoçarx və muzeyin fondunda mühafizə olunan tarixi materiallardan ibarət sərgi nümayiş etdirilib.













