“Əmək bazarında mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda sahibkarlarla görüş keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qəbələ rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi Publik Hüquqi Şəxsin nümayəndələri, müxtəlif sahələr üzrə fəaliyyət göstərən 25-ə yaxın sahibkarlar iştirak ediblər. Görüşdə işəgötürənlərə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan standartlar, norma və qaydalar, eləcə də, əməyin mühafizəsi şəraitinin təmin edilməsi, iş yerlərinin attestasiyası qaydaları və əmək qanunvericiliyində son dəyişikliklər diqqətə çatdırılaraq, əməyin təhlükəsizliyi sahəsində işəgötürənlərə fəal metodiki dəstək məqsədinə xidmət edən Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, habelə, peşə hazırlığı, birgə maliyyələşmə mexanizmi, işəgötürənlərin fəaliyyətlərinin genişləndirməsi üçün dəstək alətləri, o cümlədən dövlətin güzəştli kreditləri, KOBİA-nın biznesin qurulması və inkişafına dəstəyi barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.