Əmirvan kəndində səyyar qəbul keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu rayonun Əmirvan kəndində keçirilmişdir. Öncə rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri Əmirvan kəndinin 1-ci və 2-ci Qarabağ müharibəsinin şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzərək, xatirələrini ehtiramla yad etmişlər. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin və kənd ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbul zamanı RİH-nin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatlardan, ölkənin sosial-iqtisadi inkişafından, həyata keçirilən layihələrdən, bu istiqamətdə rayonumuzda görülən və icrası nəzərdə tutulan işlərdən danışaraq kənd sakinlərinə ətraflı məlumat vermişdir. Qəbulda iştirak edən vətəndaşlar kəndin ümumi problemlərini, həmçinin onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmış, rayonumuzda, xüsusilə Əmirvan kəndində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.