“Əziz Şuşa” Beynalxalq Velosiped Turnirinin ikinci mərhələsinə Qəbələ şəhərində start verilmişdir
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped turnirinin ikinci mərhələsinə Qəbələ şəhərində start verilmiş, idmançılar Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət etmişlər. Elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı veloturun ikinci mərhələsinin qalibi Niderlandın "Universe Cycling Team" klubunun üzvü Luk Şurmans (04:06:52) olub. Bolqarıstan milli komandasının üzvü Nikolay Genov (04:06:52) ikinci, Çinin "China Glory Continental" klubunun velosipedçisi Julien Trarieux (04:06:52) üçüncü yerə layiq görülüblər. Bolqarıstan millisinin velosipedçisi Martin Papanov iki mərhələnin cəminə görə yarışın lideri, Niderlandın "Universe Cycling Team" klubunun üzvü Luk Şurmans ən yaxşı sprinteri, Qazaxıstanın "Vino Sko Team" klubunun üzvü İlkhan Dostiyev ən yaxşı dağ velosipedçisi, Türkiyənin "Sakarya BB Pro Team" klubunun üzvü Aleksandr Bereznyak isə ən yaxşı gənc idmançısı olub. Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qalibləri medallar, lider velosipedçi sarı, ən yaxşı sprinter yaşıl, ən yaxşı dağ velosipedçisi qırmızı, ən yaxşı gənc idmançı isə ağ köynəklə təltif olunublar.