FHN-in Şimal-qərb Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyini keçirib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə Nazirliyin Şimal-qərb Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib. Tədbirdə Regional Mərkəzin, Qəbələ RİH-in, rayon təhsil sektorunun, gənclər və idman idarəsinin nümayəndələri iştirak edib. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslə sağlam həyat tərzinin aşılanmasından ibarətdir. Öncə tədbir iştirakçıları Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirdə çıxış edən Şimal-qərb Regional Mərkəzin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Rayon icra hakimiyyətinin başçısının müavini Ətayə Osmanova çıxış edərək Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış və bu strategiyanın bu gün ölkə rəhbəri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini qeyd etmişdir. Yarışda Şimal-qərb Regional Mərkəzin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. Yarışın nəticəsinə əsasən, İsmayıllı şəhər şəhid N. Behdiyev adına 6 nömrəli tam orta məktəbin komandası I yerə, Qəbələ rayonu H. Rəşidov adına Vəndam qəsəbə 2 nömrəli tam orta məktəbin komandası II yerə, Şamaxı rayonu E. Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.