“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrin idarə edilməsinin təşkili” mövzusunda seminar keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən dislokasiya ərazisini əhatə edən ərazi üzrə Qəbələ rayonunun ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrin idarə edilməsinin təşkili” mövzusunda seminar təşkil edilmişdir. FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsinin və Şimal-Qərb Regional Mərkəzinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon mərkəzi xəstəxanasının, rayon ümumtəhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi seminarda fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması və məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması, mülki müdafiə tədbirləri, kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyyə planlarının düzgün hazırlanması, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilmişdir. Sonda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrin idarə edilməsinin təşkili” mövzusunda videoçarx nümayiş edilmişdir.