Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edib
Qəbələdə 26 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib. Öncə nazir Kəmaləddin Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Nazirliyin Şimal-qərb Regional Mərkəzinin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib. Qəbul zamanı Qəbələ və Oğuz rayonları sakinlərinin müraciətləri dinlənilib, əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı isə qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi üçün Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib. Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib. Vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.