Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinə yekun vurulub
Fövqəladə Hallar Nazirliyi tərəfindən Qəbələ şəhərində təşkil olunan “Gənc xilasedici” X Beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində yarışların Təşkilat Komitəsinin sədri, fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev və Nazirliyin müvafiq əməkdaşları, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və rayon hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər. Builki yarışlarda Azərbaycanla yanaşı Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan və Özbəkistandan olan komandalar da iştirak edib. Yarışlar yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və milli-vətənpərvərlik ruhunun aşılanması, müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşdırılması məqsədilə təşkil edilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə, əvvəlcə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Sonra məktəblilər tərəfindən milli vətənpərvərlik və ölkələr arasında dosluğu tərənnüm edən bədii hissə təqdim edilib, qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Rusiya, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Belarusun komandası tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri 53 nömrəli tam orta məktəb, ikinci yerə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsüsi internat məktəbi, üçüncü yerə isə Gəncə şəhəri 14 nömrəli tam orta məktəbin komandası layiq görülüb.