Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş “Heydər Əliyev İli”nə həsr olunan “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinə yekun vurulub
Fövqəladə Hallar Nazirliyi tərəfindən Qəbələ şəhərində təşkil olunan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə nümayəndəsi Aleks Haykens, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistandan olan komandaların da iştirak etdiyi yarışların keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin yetişməkdə olan gənc nəslə təbliğ edilməsi, həmçinin yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və milli-vətənpərvərlik ruhunun aşılanması, müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşdırılmasıdır. Nazir Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ rayon Heydər Əliyev Konqres Mərkəzində keçirilən “dəyirmi masa”da nazir K.Heydərov komanda kapitanlarının suallarını ətraflı cavablandırıb. Yarış iştirakçısı olan gənc əcnəbi xilasedicilər belə yüksək səviyyəli yarışda iştirakdan məmnunluq ifadə edib, tədbirin təşkilatçısı olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə, əvvəlcə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş olunub. Sonra məktəblilərin ifasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən, həmçinin milli vətənpərvərlik və ölkələr arasında dosluğu tərənnüm edən bədii hissə nümayiş olunub, qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib. Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu il keçirilən “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması çərçivəsində qeyd olunduğunu bildirmiş, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, dövlətçilik fəlsəfəsindən ətraflı bəhs edərək ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə uşaq, yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların xalqına və dövlətinə sədaqətli insan, cəmiyyətə layiqli vətəndaş kimi formalaşması, yüksək elmi biliklərə yiyələnməsi məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşdığını vurğulamış və bu siyasətin Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd etmişdir. Nazir Fövqəladə Hallar Nazirliyi tərəfindən Qəbələdə təşkil olunan və artıq ənənə halını almış “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin əhəmiyyətinə toxunub, yarış qaliblərini təbrik edərək, onlara uğurlar arzulayıb. Komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Qırğızıstan, üçüncü yeri isə Qazaxıstan komandası tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin komandası, ikinci yerə Bakı şəhəri 31 nömrəli tam orta məktəbin komandası, üçüncü yerə isə Şəhid övladlarından ibarət “Gənc Mübarizlər” komandası layiq görülüb.