“Gabala Hospitality Group” 8 Noyabr Zəfər Gününü xüsusi tədbirlə qeyd etdi
2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsində qazanılan tarixi qələbənin şərəfinə qeyd olunan 8 Noyabr – Zəfər Günü münasibətilə “Gabala Hospitality Group” Heydər Əliyev Konqres Mərkəzində xüsusi tədbir təşkil etdi. Tədbirdə qrupda çalışan əməkdaşlardan müharibə iştirakçıları və onların ailə üzvləri iştirak etdilər. Tədbirin rəsmi hissəsinə başlamazdan öncə iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin məzarlarını ehtiramla ziyarət etdilər. Onlar hər bir şəhidin məzarı üzərinə qərənfil qoyaraq, şəhidlərimizin göstərdikləri böyük qəhrəmanlıq və vətənpərvərlik ruhunu yad etdilər. Sonra Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq, onun irsini və göstərdiyi uzaqgörən rəhbərliyi dərin hörmətlə andılar. Ziyarətdən sonra tədbirin açılışına keçid alındı. “Gabala Hospitality Group”-un Baş İcraçı Direktoru Şəbnəm Fərman çıxış edərək, Vətən Müharibəsində iştirak etmiş əməkdaşlara göstərilən diqqət və qayğının əhəmiyyətini vurğuladı və onlara fədakarlıqlarına görə dərin təşəkkürünü ifadə etdi: "...Vətən uğrunda mübarizə aparmış müharibə iştirakçılarımız bizim üçün daim qürur mənbəyidir. Zəfər Gününü qeyd edərkən, biz yalnız qələbəmizi deyil, eyni zamanda birliyimizi və gücümüzü də yad edirik.” Daha sonra qrupa daxil olan şirkətlərin rəhbərləri çıxış edərək, Vətən Müharibəsində iştirak etmiş əməkdaşlara dərin minnətdarlıqlarını ifadə etdilər. “Gabala Hospitality Group” olaraq, bütün iştirakçılara və şəhidlərimizə olan minnətdarlığımızı bir daha vurğulayır və xalqımızı Zəfər Günü münasibətilə təbrik edirik!