“Gənclərin Biznes Emalatxanası” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlığın inkişafı, yerli iqtisadi potensialın stimullaşdırılması və gənclərin biznes mühitinə inteqrasiyası məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Gənclərin Biznes Emalatxanası” layihəsi çərçivəsində aktivlər almış gənclərlə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Vergi Xidmətinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin nümayəndələri, həmçinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin aktivlə təmin olunmuş məzunları, gənc sahibkarlar iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd layihə çərçivəsində aktivlərlə təmin olunmuş gənclərin biznes fəaliyyətlərinin mövcud vəziyyətini öyrənmək, qarşılaşdıqları çətinlikləri araşdırmaq və onların gələcək inkişaf imkanlarını dəyərləndirmək, iştirakçılarla aidiyyəti dövlət qurumları arasında birbaşa dialoqu təmin etməklə aktual problemlərin həlli istiqamətində operativ və koordinasiyalı yanaşmaların formalaşdırılmasına xidmət etmək olmuşdur. Görüş dialoq formatında keçirilib. Gənclər tərəfindən dinlənilən problemlərin hər biri üzrə aidiyyəti qurumların nümayəndələri tərəfindən ətraflı izahatlar verilib, suallar cavablandırılıb və mümkün həll yolları müzakirə olunub. İştirakçılar həmçinin dövlət dəstəyi proqramlarından necə faydalana biləcəkləri barədə məlumatlandırılıblar.













