“Güclü Dövlət-Rəqəmsal Gələcək” mövzusunda tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının və Qəbələ ASAN Xidmət mərkəzinin birgə təşkilatçılığı ilə “Güclü Dövlət-Rəqəmsal Gələcək” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbələ ASAN Xidmət mərkəzində keçirilən tədbirdə çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov müasir Azərbaycanın əldə etdiyi uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayandığını, bu siyasi kursun Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizin bütün sahələrdə sürətli inkişaf mərhələsini yaşadığını qeyd edərək, xüsusilə rəqəmsal dövlət quruculuğunun bu inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırmışdır. Digər çıxış edənlər ASAN Xidmət modelinin Azərbaycanda dövlət xidmətlərinin daha şəffaf, operativ və vətəndaş məmnunluğuna əsaslanan şəkildə təqdim olunmasına mühüm töhfə verdiyini bildirmiş, bu modelin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən idarəetmə islahatlarının ən uğurlu nümunələrindən biri olduğunu və dövlət-vətəndaş münasibətlərində şəffaflığın və operativliyin təmin olunmasında mühüm rol oynadığını vurğulamışlar. Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirak edən bir qrup partiya üzvünə Fəxri Fərman, partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.













