"Hər şeyin bitdiyi yerdə xüsusi təyinatlılar başlar" adlı kitabın təqdimatı keçirilib
Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Rüstəm Atakişiyevin bacısı Həzin Atakişiyevanın müəllifi olduğu şəhidimizə həsr olunmuş "Hər şeyin bitdiyi yerdə xüsusi təyinatlılar başlar" adlı kitabın təqdimatı keçirilib. Tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəni təmin edən amillərdən danışaraq təqdimatı keçirilən kitabın zəfər tariximizə bir töhfə olduğunu bildirmişdir. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbədən, əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan söz açmış, təqdimatı keçirilən kitabın ümumi ictimai əhəmiyyətindən danışmışlar. Şəhid valideynlərindən Cəlil Xeyirbəy,Qızbəs Musazadə və eləcə də şəhidin döyüş yoldaşı Fuad Yəhyazadə də tədbirdə çıxış etmış, müəllif Həzin Atakişiyevanın öz şəhid qardaşı haqqında kitab yazmasını sevindirici bir fakt olaraq səciyyələndirmişlər. Sonda Şuşa rayon 24 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi - bədii kompozisiya təqdim edilmiş, şəhid Rüstəm Atakişiyevin fotolarından ibarət videoçarx nümayiş etdirilmişdir.