“Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilmişdir
01 avqust 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olduğunu vurğulamış, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdığını, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd etmişdir. Çıxış edənlər Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Heydər Əliyevin adı və onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlı olduğunu bildirmişlər. Tədbirdə məktəblilərin ifasında “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda şeirlər dinlənilmiş və videoçarx nümayiş olunmuşdur. Sonda Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Mərkəzinə Ümummili Liderin 100 illiyi münasibəti ilə nəşr olunmuş “Heydər Əliyev Həyatının 100 anı” adlı kitab hədiyyə olunmuşdur.