“Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilmişdir
24 iyun 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmiş və Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirmişlər. Rayon icra hakimiyyətinin, YAP Qəbələ Rayon Təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin, eləcə də, idarə, müəssisə və təşkilat nümayəndələrinin, Vətən müharibəsi qazilərinin, hərbi xidmətə çağırışçı gənclər və onların valideynlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova konfrans iştirakçılarını salamlayaraq Azərbaycanda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğunun bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilməsi nəticəsində Milli Ordumuzun regionun ən güclü və qüdrətli ordusuna çevrildiyini diqqətə çatdırmışdır. Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin rəisi Fuad Xudiyev gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır. Digər çıxış edənlər isə ordu quruculuğu sahəsində qazanılan uğurlardan, 44 günlük müharibədə Azərbaycan oğullarının igidliklərindən bəhs etmiş, gənclərə bu şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulamışlar. Sonda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” adlı videoçarx nümayiş olunmuşdur.