“Heydər Əliyev-tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib
27 yanvar 2023-cü il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Qəbələ Rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev-tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükula yad edilməsi ilə başlayan tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi olduğumuzu, onun ölkəmizə rəhbərlik etdiyi illərin milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunduğunu qeyd etmişdir. Tədbirdə çıxış edənlər Ulu Öndərin həyat amalının, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədinin azad və müstəqil bir dövlət qurmaq olduğunu, onun Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət olduğunu vurğulamış, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə respublikamızda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini böyük tarixi hadisə adlandıraraq, dahi şəxsiyyət, Ulu Öndərin Azərbaycanın inkişafında göstərdiyi müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətinin daha yaxından öyrənilməsi üçün böyük fürsət olduğunu diqqətə çatdırmışlar. Tədbirin sonunda Ümumilli Liderin həyat və uğurlu fəaliyyətindən bəhs edən videoçarx izlənilmişdir.