İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Berlian Helmi Qəbələ rayonuna səfər etmişdir
03 mart 2026-cı il tarixdə İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Berlian Helmi Qəbələ rayonuna səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşmüşdür. Görüş zamanı RİH başçısı tərəfindən rayonun iqtisadi göstəriciləri, sosial və mədəni həyatı, rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri, eləcə də rayonda keçirilən beynəlxalq tədbirlər barədə ətraflı məlumat verilmişdir. Qarşılıqlı səmimiyyət mühitində keçən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri dinlənilmiş, qarşılıqlı əlaqələrin inkişaf imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmış, İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Qəbələdə keçirilmiş görüşün iki ölkə arasında siyasi, iqtisadi və sosial-mədəni əlaqələrin daha da inkişaf etməsinə böyük töhvə verəcəyi bildirilmişdir. Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunmuş və Səfir Berlian Helmi səmimi qarşılandığına görə minnətdarlığını bildirmişdir.













