İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Qəbələdə iqtisadi və mədəni tədbir keçirilmişdir
17 iyun 2023-cü il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə səfir Hildi Hamid, səfirliyin, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayonun idarə və təşkilatlarının, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Öncə İndoneziya Respublikasının məhsullarından ibarət sərgiyə baxış keçirilmişdir. Tədbirdə qonaqları salamlayan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova tədbirin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında imzalanmış diplomatik əlaqələrin 31-ci ildönümünə həsr edildiyini qeyd etmiş və belə möhtəşəm tədbirin keçirilməsi üçün Qəbələnin seçildiyinə görə cənab səfirə minnətdarlığını bildirmişdir. Çıxış edən səfir Hildi Hamid İndoneziya Respublikasının mədəniyyəti barədə məlumat vermiş və tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə rayon rəhbərliyinə təşəkkür etmişdir. Sonda İndoneziya Respublikasının incəsənət kollektivlərinin iştirakı ilə milli musiqi və rəqslərdən ibarət konsert proqramı təqdim edilmişdir.