Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Baş Prokurorluq tərəfindən Qəbələdə regional konfrans keçirilib

27 may 2025 | 18:28

27 may 2025-ci il tarixdə Qəbələ şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun rolu” mövzusunda regional konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Daxili İşlər və Müdafiə Nazirliklərinin, 11 rayon prokurorluq orqanlarının media ilə işləməyə məsul əməkdaşları, hüquq–mühafizə orqanları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları və təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Qəbələ Mədəniyyə Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmış, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq və əməliyyat-axtarış fəaliyyətində qanunlara nəzarət idarəsinin rəisi Mahir Abbasov milli suverenliyin hüquqi əsasları və təminat mexanizmləri barədə geniş məlumat vermiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli suverenliyin möhkəmləndirilməsi və hüquqi təminatların gücləndirilməsi istiqamətində əldə olunan böyük nailiyyətləri və bu sahədə dövlət siyasətinin davamlı inkişafını xüsusi vurğulamışdır. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova qonaqları salamlayaraq, tədbirin Qəbələdə keçirildiyinə görə təşkilatçılara rayon ictimaiyyəti adından təşəkkür etmiş, rayon səviyyəsində hüquqi maarifləndirmə işlərinin əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın konstitusiya quruculuğundakı əvəzsiz rolundan danışmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi - Mətbuat katibi Anar Eyvazov,  Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə çıxışlarında milli suverenliyin hüquqi əsaslarının möhkəmləndirilməsində hüquq-mühafizə orqanlarının funksional rolundan,  Azərbaycanın dövlət suverenliyinin qorunmasında xalqımızın fədakarlığından, cəmiyyətdə hüquqi şüurun formalaşdırılması, dövlət orqanlarının fəaliyyətinə inamın gücləndirilməsi və milli suverenliyin dayanıqlı şəkildə qorunması üçün hüquqi informasiyanın düzgün və vaxtında çatdırılmasının vacibliyini vurğulamışlar. Qəbələ Rayon Ağsaqqallar Şurasının üzvü Telman Abdulxalıqov isə milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin hüquqi və vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Tədbir çərçivəsində dövlət qurumları ilə ictimai təşkilatlar arasında əməkdaşlıq, ictimai nəzarət mexanizmlərinin tətbiqi və hüquqi maarifləndirmə strategiyalarının təkmilləşdirilməsi mövzusunda geniş fikir mübadiləsi aparılmış, konkret təkliflər səsləndirilmişdir. Sonda “Suverenlik və hüquqi təminatlar” mövzusunda sənədli film nümayiş olunmuş və iştirakçılarla xatirə fotoşəkili çəkilmişdir.

 

Keçidlər