"Konstitusiya və Suverenlik İli" çərçivəsində sərgi keçirilib
08 may 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Qəbələ Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" adlı tədbir keçirilib. Ümummilli Liderin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, Konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolu yüksək dəyərləndirilərək, dövlətimizin əsas qanununun qəbulunda Ulu Öndərin müstəsna xidmətinin olduğu vurğulanmışdır. Bildirilmişdir ki, bu gün Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Sonda baxış keçirilən sərgidə nümayiş etdirilən rəsm əsərləri və əl işləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, gənc rəssamlara fəxri fərmanlar təqdim edilmişdir.













