“Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyətidir” mövzusunda tədbir keçirilib
17 iyul 2023-cü il tarixdə Qəbələdə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyətidir” mövzusunda tədbir keçirilib. Qəbələ Arxeoloji Mərkəzində baş tutan tədbirdə Qəbələ, Oğuz, Şəki, Qax, Balakən və Zaqatala rayonlarını təmsil edən fəal gənclər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçılarına qədim Qəbələ şəhərinin tarixi haqqında ətraflı məlumat verilib. Tədbiri giriş sözü ilə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açaraq Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biri olduğunu vurğulamış, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bu sahədə maarifləndirmə işlərinin vacibliyini vurğuluyaraq əsas məqsədin yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdan ibarət olduğunu bildirmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Qəbələ Komissiyasının sədri Arif Allahverdiyev çıxış edərək narkomanlığın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biri olduğunu bildirib. Həmçinin qeyd edib ki, narkomanlığa və narkotiklərə qarşı qətiyyətlə və effektiv mübarizə aparan ölkələrdən biri də Azərbaycandır və ölkəmizdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən mübarizə tədbirləri nəticəsində son illərdə mühüm uğurlar əldə olunub. Digər çıxış edənlər bəşərriyyətin ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını, ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin mütəmadi xarakter daşıdığını vurğulamışlar. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təbliği məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanılıb.