“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir
30 noyabr 2023-cü il tarixdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilən açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin mütəmadi xarakter daşıdığını vurğulayaraq, Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biri olduğunu, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Pərvin Pənahov bəşəriyyətin ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını qeyd etmiş və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası tərəfindən görülmüş işlər haqqında məlumat vermişdir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Şahin İsmayılov çıxışında narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən, onun törətdiyi fəsadlardan bəhs edərək, dövlətimizin bu istiqamətdə mühüm fəaliyyətini, hüquqi bazanın yaradılmasını, əldə olunan nəticələr və narkomaniyaya qarşı mübarizənin ümumdövlət vəzifəsi olduğunu bildirmişdir. Tədbir diskusiya şəklində davam etdirilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi halları müzakirə edilmişdir.