Növbəti səyyar qəbul rayonun Mirzəbəyli kəndində keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Mirzəbəyli kənd sakinləri ilə keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etdiyi tədbirdə çıxış edən RİH başçısı son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və layihələr haqqında ətraflı məlumat vermiş, bu gün Azərbaycanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş abadlıq, quruculuq işləri aparılmasının dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu qeyd etmişdir. Qəbulda iştirak edən kənd sakinləri onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Onlar son illər rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən Mirzəbəyli kəndinin də qıraqda qalmadığını diqqətə çatdırıblar. Qəbul zamanı RİH başçısı sakinlər tərəfindən verilən təkliflərin və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.