Ölkənin ən ucqar yaşayış məntəqələrində də əhali və təşkilatlar yüksək sürətli internetə çıxışla təmin edilir
Telekommunikasiya sahəsi dünyada ən dinamik şəkildə inkişaf edən sahələrdəndir. Əhalinin internetə olan tələbatının qarşılanması və ən müasir texnologiyaların tətbiqi ilə mütərəqqi cəmiyyətlərlə aramızda olan “rəqəmsal uçurum”un aradan qaldırılması üçün ölkəmizdə son 20 ildə intensiv fəaliyyət göstərilib və müxtəlif irimiqyaslı layihələr icra olunub. Ölkənin ən ucqar yaşayış məntəqələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdırmaq məqsədilə 2021-ci ildən etibarən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Onlayn Azərbaycan” layihəsinin tətbiqinə başlanılıb. Layihə müddətində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON (Gigabit Passive Optical Network) avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir. Layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının sözügedən GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 25 MB/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır. Azərbaycanın bütün ərazisində əhalinin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədinin tərkib hissəsi olan bu fəaliyyətlə insanlara genişzolaqlı internetə çıxış imkanı yaradılır. Bununla bağlı məlumat RİNN və “Aztelekom” tərəfindən kütləvi informasiya vasitələrində işıqlandırılır.