Qəbələ Beynəlxalq Musiqi Festivalında Avstriya və Vyetnamdan gələn tanınmış pianoçular çıxış ediblər
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. Heydər Əliyev Konqres Mərkəzində təşkil edilmiş “Kamera musiqisi axşamı”nda avstriyalı pianoçu Aleksandr Maria Vaqner və Vyetnamda klassik musiqi və piano sənətinin tanınmış simalarından biri olan Luong To Nhunun ifasında K.Debüssinin “Sevinc adası”, F.Şubertin “Dörd əl piano üçün Fantaziya f-moll, op.103”, A.M.Vaqnerin “Mohn” beş miniatür, A.Skryabinin “Fantaziya b-moll, op.28” və T.Quliyevin “Cəmilənin albomu” piano silsiləsi əsərləri səslənib. Müxtəlif mədəniyyətlərin harmoniyasını nümayiş etdirən bu zəngin proqram tədbir boyunca tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və dinləyicilərin gur alqışları ilə yekunlaşıb.













