Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistanın rəqs və musiqi qrupları səhnə alıb.
XV Qəbələ Beynəlxalq Musiqi festivalı çərçivəsində təşkil olunan növbəti konsert proqramı tamaşaçılara unudulmaz musiqi gecəsi bəxş edib. Tədbirdə Özbəkistanın “Bek” Doyracılar və "Toşkent Zeboları" rəqs ansamblları və festivalın xüsusi qonağı — Azərbaycan və Özbəkistan respublikalarının Xalq artisti Farrux Zokirovun rəhbərliyi ilə əfsanəvi "Yalla" qrupunun rəngarəng çıxışları təqdim olunub. Şərq musiqisi və zəngin milli rəqs ənənələrini özündə birləşdirən proqram tamaşaçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Bənzərsiz ifaları və parlaq səhnə şousu ilə gecəyə xüsusi zövq qatan sənətkarlar ifa etdikləri özbək musiqisi ilə yanaşı Azərbaycanın xalq və bəstəkar mahnıları ilə tamaşaçılara Qəbələdə növbəti mədəniyyət bayramı yaşadıblar.













