Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün qısamüddətli təlimlər davam edir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün təşkil edilmiş qısamüddətli kurslarıitirən “Bərbər” ixtisasının müdavimlərinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sertifikatlarının təqdim edilməsi ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev açaraq qonaqları salamlamış və Mərkəzin inkişaf tarixi haqqında məlumat vermişdir. Çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin qarşısında konkret hədəflər qoyulub. Xüsusilə də yaxın gələcəkdə geri qayıdacaq əhalinin məşğulluq imkanlarının artırılması və sosial müdafiəsinin təmin edilməsi sahəsində peşə təhsili sisteminin xüsusi rolu müəyyən olunub. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən peşə məktəblərinə, xüsusilə qadınların hər hansı bir peşə sahibi olmalarına göstərdiyi diqqətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, sertifikat alan xanımları təbrik edərək, onlara uğurlar arzulamışdır. Sonda kursu bitirən xanımlara sertifikatlar təqdim edilmişdir.