Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Şanlı Qələbəmizə Gedən Yol” layihəsi çərçivəsində tədbir keçirilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Nic qəsəbə sakini Xəyal Məmmədəliyevi tərəfindən “Şanlı Qələbəmizə Gedən Yol” layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etmiş, gül dəstələri düzərək dahi şəxsiyyətin və şəhidlərimizin xatirələrinə böyük ehtiramlarını bildirmişlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində davam edən tədbirdə öncə Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixinə qızıl hərflərlə yazılan şanlı qələbənin mahiyyətindən danışmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, qazi və müharibə iştirakçılarının cəmiyyətə tanıdılmasının, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasında gənclərin hərbi savadlılığının artırılmasında böyük rol oynadığını vurğulamışlar. Tədbirin sonunda bir qrup gəncə fəxri fərman və sertifikatlar təqdim olunmuşdur.