Qəbələ festivalı çərçivəsində Bakı Kamera Orkestrinin konserti olub
Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 31-də axşam musiqisevərlər Heydər Əliyev Konqres Mərkəzində növbəti konsert proqramını izləyiblər. Bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli, baş dirijoru Əməkdar artist Fuad İbrahimov olan Bakı Kamera Orkestrinin təqdim etdiyi konsert tanınmış pianoçu Bella Davidoviçin 95 illik yubileyinə həsr olunub. Konsertdə orkestr Dmitri Sitkovetskinin (Böyük Britaniya) dirijorluğu və violində solo ifası ilə Sebastyan Bakın, Sergey Raxmaninovun, Fikrət Əmirovun, Firəngiz Əlizadənin və Leonit Desyatnikovun əsərlərini ifa edib.