Qəbələ festivalında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 29-da axşam açıq hava konsert səhnəsində musiqisevərlərə Xalq artistləri Yeganə Axundova, Murad Adıgözəlzadə və xarici ölkələrdən dəvət olunmuş tanınmış musiqiçilərin iştirakı ilə növbəti konsert proqramı təqdim edilib. Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək ifa olunacaq musiqi əsərləri və müəlliflər barədə qısa məlumat verib. Konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında V.A.Motsartın “Seralyadan qaçırılma” operasından uvertüra ilə başlayıb. Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur. Konsertdə Moris Ravelin “Piano (sol əl) və orkestr üçün konsert”, Kamil Sen-Sensin “İntroduksiya və rondo kapriççiozo”, A.Tsfasmanın “Piano və orkestr üçün caz süitası” əsərləri, həmçinin görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Piano və orkestr üçün konsert”indən fraqmentlər səsləndirilib.