"Qəbələ - MDB-nin 2025-ci il üçün Gənclər Paytaxtı" beynəlxalq proqramının açılış mərasimi keçirilib
02 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəbələ - MDB-də Gənclər paytaxtı - 2025” beynəlxalq proqramının açılış mərasimi keçirilmişdir. Qəbələ Heydər Əliyev Konqress Mərkəzində təşkil olunan tədbirdə öncə Azərbaycan Dövlət Himni səslənmiş və “Qəbələ – Gənclərin Paytaxtı” adlı videoçarx izlənilmişdir. Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva “MDB Gənclər Paytaxtı” lahiyəsinin mahiyyətindən danışmış, rayon sakinlərini, xüsusilə də gəncləri Qəbələnin MDB-də Gənclər paytaxtı seçilməsi münasibətilə təbrik etmişdir. Tədbirdə MDB baş katibliyinin üzvü Tatyana Kovaleva MDB-nin baş katibinin təbrikini oxumuş, Qəbələnin “MDB Gənclər Paytaxtı” statusunu təstiqləyən sertifikatı Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayevə təqdim etmişdir. Çıxış edən Səbuhi Abdullayev tədbir iştirakçılarını salamlayaraq belə möhtəşəm bir layihədə Qəbələnin yer aldığına görə əlaqədar təşkilatlara təşəkkürünü bildirmiş, bu il Qəbələnin həm də Azərbaycanda “İdman Paytaxtı” seçildiyini və ölkəmizdə baş tutacaq “III MDB Oyunları” çərçivəsində idman yarışlarının bir çoxunun Qəbələdə keçiriləcəyini qeyd edərək layihənin həyata keçirilməsində rayonumuza uğurlar arzulamışdır. Tədbirdə “Qəbələ-MDB-nin Gənclər Paytaxtı”nın loqosu tamaşaçılara təqdim edilmiş və “MDB Gənclər Paytaxtı”nın Himni səslənmişdir. Tədbir bədii hissə ilə davam etmişdir.