Qəbələ Rayon İcra Hakimiyyətinin “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın geniş tərkibdə iclası keçirilib
26 fevral 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyəti yanında “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın ümumrayon təhsil müəssisələrinin direktor və psixoloqları ilə geniş tərkibdə iclası keçirilib. Qəbələ şəhər 5 saylı tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın tərkib hissəsini təqdim etmiş, komissiya tərəfindən həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışmış, komissiya üzvlərinə işlərində uğurlar arzulamışdır. Komissiyanın məsul katibi vəzifəsinə yeni təyin olunan Pərvin Məmmədov yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, onların hüquqlarını və qanuni mənafelərini qorumaq, davranışına nəzarət etmək, qanunazidd əməllərinin qarşısını almaq üçün ümumtəhsil müəssisələri və valideynlər komissiya üzvləri ilə sıx əlaqə saxlamalı, işlərini birlikdə qurmalı olduqlarını diqqətə çatdırmışdır. Digər çıxış edənlər məktəblərdə təhsil alan və eyni zamanda risk qrupunda olan şagirdlərdə sağlam həyat tərzinin formalaşmasında müəllim kollektivi ilə yanaşı, valideynlərin böyük məsuliyyət daşıdığını qeyd edərək, yetkinlik yaşına çatmayanların hüquqlarının pozulması hallarının cəmiyyətin və dövlətin narahatlığını doğuran aktual problemlərdən olduğunu bildirmişlər. Tədbir diskussiya şəklində davam etmişdir.