Qəbələ rayon Mədəniyyət Mərkəzində "Qurtuluşdan inkişafa" adlı tədbir keçirib
12 iyun 2025-ci il tarixdə Qəbələ Rayon Mədəniyyət Mərkəzində 15 iyun- Milli Qurtuluş Günü ilə əlaqədar "Qurtuluşdan inkişafa" adlı tədbir keçirilib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətləri yad etmək və bu əlamətdar günün tarixi əhəmiyyətini iştirakçılara çatdırmaq məqsədilə keçirilən tədbir, Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün xalqımızın taleyində dönüş nöqtəsi olduğunu vurğulayaraq, 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışının Azərbaycanı vətəndaş qarşıdurmasından, anarxiyadan xilas etdiyini qeyd etmişlər. Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş edilib, ədəbi-bədii kompozisiya təqdim olunub.













