Qəbələ rayon ümumtəhsil məktəblərində "20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda silsilə tədbirlər keçirilib
Qəbələ rayon təhsil müəssisələrində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda “Dəyirmi masa”lar, xüsusi dərslər keçirilib, divar qəzetləri təşkil edilib. Tədbirlərdə Qəbələ rayon Təhsil sektorunun əməkdaşları, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər. Ulu Öndər Heydər Əliyevin və faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz mübarizə rəmzi kimi daxil olan 20 Yanvar faciəsinin səhəri günü o vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə gələrək öz etirazını bildirməsi hadisələrin dünya içtimaiyyətinə çatdırılmasında böyük rol oynayır. Bu qanlı hadisələr öz siyasi qiymətini də məhz Ulu Öndər hakimiyyətə gəldikdən sonra tapıb. Bu fikirlər tədbirlərdə edilən çıxışlar zamanı səsləndirilib, belə tarixi hadisələrin təkcə ildönümlərində deyil, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib. Tədbirdə şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.