Qəbələ rayonu Nic qəsəbəsində 2 yeni məktəb binası istifadəyə verilib
2023-2024-cü tədris ilinin başlanması ilə əlaqədar Qəbələ rayon Nic qəsəbəsində 2 yeni məktəb binası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində Fondun apardığı bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian dini icmasının üzvləri dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondu tərəfindən 1 nömrəli və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəzalı vəziyyətdə olan 4 nömrəli tam orta məktəb üçün yeni binanın inşasına başlanılmışdır. Yeni dərs ili ərəfəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Prezidentin Sərəncamı ilə inşa edilmiş 360 şagird yerlik 4 nömrəli və Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş 220 şagird yerlik 1 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar. Məktəblərdə fənn kabinetləri və laboratoriyaları lazımi avadanlıqla və əyani vəsaitlərlə təchiz edilib, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası şagird və müəllimlərin istifadəsinə verilib. Məktəblərin müəllim kollektivləri, valideynlər, eləcə də Alban-Udi Xristian dini icmasının üzvləri yaradılmış şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.